Azərbaycan və Vatikan arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir
Bakı, 12 may, AZƏRTAC
Səhiyyə naziri Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti Titsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Vatikanla səhiyyə və pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin uşaq sağlamlığının qorunmasına dair birgə təşəbbüslər müzakirə olunub.
Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Dövlətimizin başçısı tərəfindən humanitar və mədəniyyətlərarası dialoqa verilən xüsusi önəm iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Vatikanla əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bir sıra tarixi və dini abidələrin bərpasının həyata keçirildiyini, humanitar əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayıb.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan səhiyyə sistemi son illərdə genişmiqyaslı islahatlar və dövlət proqramları nəticəsində əhəmiyyətli inkişaf yolu keçib: “Ölkədə müasir tibb infrastrukturu yaradılıb, yeni xəstəxana və ixtisaslaşmış tibbi mərkəzlər istifadəyə verilib, rəqəmsal səhiyyə həllərinin tətbiqi genişləndirilib. Xüsusilə pediatriya, talassemiya, ana və uşaq sağlamlığı sahələrində mühüm nailiyyətlər əldə olunub”.
Teymur Musayev qeyd edib ki, Heydər Əliyev Fondu, Azərbaycanın Səhiyyə Nazirliyi və “Bambino Gesu” pediatrik xəstəxanası arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığı daha da gücləndirir. Memorandum çərçivəsində pediatriya sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tibbi heyətin peşəkar hazırlığı və Azərbaycanda uşaq sağlamlığı xidmətlərinin inkişafı nəzərdə tutulur. “Bambino Gesu” pediatrik xəstəxanası kimi dünya səviyyəli nüfuzlu tibb müəssisəsi ilə əməkdaşlıq Azərbaycanda pediatriya xidmətlərinin inkişafına mühüm töhfə verəcək.
Öz növbəsində Titsiano Onesti Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, xüsusilə talassemiya və digər irsi xəstəliklərin idarəolunması sahəsində Azərbaycanın təcrübəsinin diqqətçəkən olduğunu vurğulayıb və imzalanan Memorandumun gələcəkdə uğurlu birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağını qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyətinin nazirliyin K. Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, və Azərbaycan Tibb Universitetində görüşlərin keçirməsi nəzərdə tutulur.