Azərbaycan Vətən müharibəsində Zəfər qazanmaqla beynəlxalq hüququn norma və prinsiplərini təmin etdi
Bakı, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Azərbaycanın və Qətərin Dövlət himnləri səsləndirilib. Sonra tədbir iştirakçıları noyabrın 8-də Xankəndidə keçirilmiş hərbi paradı izləyiblər.
Mərasimdə çıxış edən Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin səbəbləri və tarixi barədə məlumat verib.
Səfir 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğunu, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların fundamental hüquqlarının bərpa olunduğunu, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanlar açıldığını vurğulayıb. O, Ermənistanın uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar apardığını, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin və bəzi ölkələrin göz yumduğunu bildirib. Adekvat tədbirlərin görülməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini və hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin 44 günlük Vətən müharibəsini şərtləndirən amil olduğunu diqqətə çatdırıb. Səfir, Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdiyini, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olduğunu vurğulayıb.
Mahir Əliyev, daha sonra Azərbaycan tərəfinin qanunsuz erməni silahlılarının mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyini bərpa etmək məqsədilə, Qarabağ bölgəsində bu il sentyabrın 19-20-də aparılan antiterror tədbirləri barədə danışıb.
Səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətin daxili və xarici siyasətində möhtəşəm uğurlar qazandığını, ölkəmizin bütün istiqamətlər üzrə sürətlə tərəqqi etdiyini qeyd edib.
Tədbirdə Qətərdə yaşayan azərbaycanlılar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.