Azərbaycan Xalq Cümhuriyyət xalqımızın qanı və canı bahasına yaradılıb
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) və Azərbaycan Kooperasiya Universitetinin (AKU) birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
ETİ-dən AZƏRTAC-a bildirilib ki, AKU-nun tədris işləri üzrə prorektoru Fikrət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa, lakin şanlı tarixindən danışıb. Diqqətə çatdırılıb ki, Cümhuriyyət xalqımızın qanı, canı bahasına yaradılıb.
ETİ-nin elmi katibi Zaur Əliyev AXC-nin yaranma tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafı üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılan AXC müsəlman Şərqində ilk demokratik respublika olmaqla tariximizin şanlı səhifələrindəndir. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Cümhuriyyətin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulayıblar.
Tədbirdə AXC-nin qəbul etdiyi normativ hüquqi aktlar, Cümhuriyyətin daxili İşlər orqanlarının fəaliyyəti, vergi sistemi, həmin dövrdə dövlət quruculuğunda iqtisadi inkişaf məsələləri və bu kimi mövzular ətrafında müzakirələr aparılıb.