Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bilik yarışlarının qalibləri mükafatlandırılıblar
Bakı, 25 aprel, G.Mahmudlu, AZƏRTAC
Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində mart-aprel aylarında keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb, bu münasibətlə keçirilən bilik yarışının əhəmiyyətini qeyd edib. “SABAH” qrupları layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən danışan rektor “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış “SABAH” qruplarının fəaliyyətini yüksək dəyərləndirib. BDU-da bir çox irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran A.Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışının nəticələrinə əsasən hər üç kateqoriyada universitet tələbələrinin qalib olduğunu deyib, gənclərə uğurlar arzulayıb. Rektor 1919-cu ildə yaradılmış BDU-nun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu və hazırda bu təhsil ocağının dünyanın qabaqcıl universitetləri sırasında yer aldığını vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov BDU, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi ilə təşkil edilmiş bilik yarışını tələbələrin tədris dövründə inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və möhkəmlənməsində, peşəkar kadr kimi yetişdirilməsində, potensialı olan gənclərin gələcəkdə rəqabət mühitinə uyğunlaşmasında mühüm addım kimi dəyərləndirib. Bildirilib ki, riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla səkkiz ali təhsil müəssisəsinin 520-dək “SABAH” tələbəsinin iştirakı ilə keçirilib. Yarışların birinci turu riyaziyyat üzrə BDU-da, müəllimlik üzrə ADPU-da, informasiya texnologiyaları üzrə AzTU-da təşkil edilib.
Vurğulanıb ki, hələ 100 il əvvəl çətin şəraitdə yaradılan, Şərqin ilk demokratik respublikası 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına töhfələrini verib. Nazir müavini bir əsr əvvəl də tələbələrin xarici ölkələrə göndərildiyini və bu ənənələrin davam etdirilyini diqqətə çatdırıb. O deyib: “2007-2015-ci illər ərzində 3500-dən çox tələbə təhsil almaq üçün dünyanın ən qabaqcıl ölkələrinə göndərilib. Onlardan 1500 nəfəri artıq təhsilini başa vurub”.
“SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AzTU-nnu rektoru vəzifəsini icra edən Xalıq Yahudov belə layihələrin davamlı olmasının əhəmiyyətindən danışıblar.
Tələbələrin bilik yarışına həsr etdikləri videoçarx nümayiş olunub.
Sonda müsabiqə qalibləri mükafatlandırılıblar.