Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir
Bakı, 12 iyun, AZƏRTAC
Müasir dövrdə sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Onların müəyyən müsbət tərəfləri olsa da, həddindən artıq və nəzarətsiz istifadə bir sıra psixoloji və sosial problemlərə səbəb ola bilər.
Bunu AZƏRTAC-a açıqlamasında psixoloq Rəna Baxışova deyib.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələr, ilk növbədə, uşağın diqqət və konsentrasiya qabiliyyətinə təsir edir. Ümumiyyətlə, qısa və sürətli məzmunlara alışan uşaqlar dərs zamanı və yaxud uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə çox çətinlik çəkirlər. Onların konsentrasiyası dağılır və uzunmüddətli olan dərslərə öz fokuslarını tam verə bilmirlər. Bundan əlavə, ekran qarşısında çox vaxt keçirtmək, yuxu rejiminin pozulmasına, ümumiyyətlə, yorğunluğa və əhval dəyişikliklərinə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, digər vacib məqam isə uşaqların özlərini başqaları ilə müqayisə etmələridir. Sosial şəbəkələrdə insanlar adətən həyatlarının ən uğurlu və xoşbəxt anlarını paylaşırlar. Uşaqlar isə bu görüntüləri reallıq kimi qəbul edib öz görünüşlərindən, həyatlarından, nailiyyətlərindən narazı qala bilirlər. Bu da özünəinamın azalmasına, narahatlığa və depressiv əlamətlərin artmasına səbəb ola bilər.
O qeyd edib ki, digər tərəfdən sosial şəbəkələrdə kiberzorakılıq riski də artır. Bəzən uşaqlar təhqir, təzyiq və ya lağ obyektinə çevrilə bilirlər. Həmin vəziyyət onların psixoloji sağlamlığına ciddi təsir göstərir və özlərini tənha hiss etmələrinə səbəb olur. “Valideyn üçün əsas məqsəd sosial şəbəkələri tam qadağan etmək olmamalıdır. Daha vacib olan uşaqlarla açıq ünsiyyət qurmaq, istifadə müddətinə sərhədlər qoymaq, yaşa uyğun məzmun seçmək, uşaqlara rəqəmsal təhlükəsizlik qaydalarını öyrətməkdir. Uşaqlar real həyatda dostluq, oyun, idman və ailə münasibətləri kimi fəaliyyətlərə nə qədər çox vaxt ayırsalar, sosial şəbəkələrin mənfi təsirlərindən bir o qədər də qoruna bilərlər.
Unutmayın ki, uşaqların psixoloji sağlamlığı üçün ən vacib amillərdən biri valideynlərin marağı, diqqəti və emosional yaxınlığıdır. Odur ki, sosial şəbəkələrdən istifadə edən uşaqlarla bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsinin qüvvəyə minməsinin uşaqların rəqəmsal hüquqlarının müdafiəsini gücləndirəcəyinə, daha təhlükəsiz informasiya mühitinin formalaşmasına şərait yaradacağına, sosial media platformalarının fəaliyyətinə dair hüquqi çərçivəni təkmilləşdirəcəyinə və dövlətin tənzimləmə imkanlarını genişləndirəcəyinə inanıram. Uşaqların rəqəmsal asılılıq, kiberzorakılıq və zərərli onlayn məzmunun təsirlərindən qorunması yalnız hüquqi tənzimləmə ilə məhdudlaşmamalıdır. Bu istiqamətdə rəqəmsal savadlılığın inkişaf etdirilməsi, məktəblərdə və ailələrdə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin uşaqların faydalı ictimai fəaliyyətlərə cəlb olunmasının təşviqi mühüm əhəmiyyət kəsb edir”, - deyə psixoloq əlavə edib.
Müxbir – Göyçək Mahmudlu