Azərbaycan xalqı azadlıq uğrunda canlarından keçmiş övladlarının xatirəsini daim uca tutur
Bakı, 18 yanvar (AZƏRTAC). Neft Kəmərləri İdarəsində Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılmış 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan idarənin rəis müavini Məmməd Əliyev 24 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyi insanlığa qarşı ən ağır cinayət, terror aktı adlandıraraq demişdir: Müstəqillik və azadlıq uğrunda mübarizə aparan, haqq səsini ucaldan Azərbaycan xalqına qarşı bu faciəni törətməkdə əsas məqsəd insanların müstəqillik əzmini qırmaq, dağılmaqda olan sovet rejiminin ömrünü uzatmaq idi. Yanvar hadisələri zamanı 131 nəfər soydaşımız imperiya qoşunları tərəfindən qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Faciədən 24 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu gün də azadlıq uğrunda canlarından keçmiş şəhidlərinin xatirəsini uca tutur.
O günlərdə bütün dünya xalqları bir daha bildi ki, Azərbaycan xalqının mübarizlik əzmini heç bir siyasi rejim qıra bilməz. Əksinə, xalqımız suverenliyi naminə daha sıx birləşdi. Bu gün də Azərbaycan xalqı eyni məqsəd və əqidə uğrunda birlik, həmrəylik göstərir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətimizin daxili və xarici siyasətini dəstəkləyir.
Neft Kəmərləri İdarəsinin mühəndisi Tahir Məsiyev Azərbaycan xalqının mübarizlik tarixindən, ermənilərin zaman-zaman törətdikləri soyqırımları nəticəsində soydaşlarımızın üzləşdiyi faciələrdən danışaraq 20 Yanvar faciəsini tariximizin qanlı salnaməsi adlandıraraq demişdir: Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları qaldırdığı bir vaxtda diqqəti yayındırmaq üçün törədilən 20 Yanvar qırğınları Azərbaycana qarşı yönəlmiş təcavüzkarlıq aktı idi. Bu hadisə Azərbaycan tarixində görünməmiş bir qətliam kimi yaddaşlarda iz saldı.
Hadisələrin baş verdiyi günlərdə Moskvada yaşasa da, qəlbi daim Vətən eşqi ilə çırpınan ulu öndər Heydər Əliyev xalqla birlik və həmrəyliyini həmvətənlərinə müraciəti ilə bildirdi. Özünə qarşı yönələn təzyiqlərdən çəkinməyərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən hadisələri Azərbaycanın konstitusion hüquqlarının pozulması kimi pislədi, Bakıya əsassız olaraq qoşun yeridilməsini respublikanın suverenliyinin pozulması, siyasi təcavüz adlandırdı. Belə ağır məqamda xalqla bir yerdə olduğunu nümayiş etdirən Ulu Öndər insanları təmkinli olmağa, birlik və həmrəyliyə çağırdı. 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən də ümummilli lider Heydər Əliyev oldu.
Natiq bildirmişdir ki, nə qədər cəhdlər, təxribatlar olsa da, Azərbaycan xalqı suverenlik uğrunda mübarizəsindən dönmədi. Şəhidlər versə də, müstəqillik uğrunda mücadiləsini davam etdirdi, qüdrətli dövlət kimi dünya birliyində mövqeyini möhkəmləndirdi. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan ən mühüm məsələlərin həllində iştirak edir, regionda lider kimi tanınır. Şəhidlərimizin uğrunda can verdiyi Azərbaycan siyasi, iqtisadi inkişafı, regionda sabitliyin qarantı hesab olunur.
İxrac Neft Kəmərləri Departamentinin rəisi Nizami Qafarov, Nəqliyyat Departamentinin rəisi Aydın Qurbanov, Neftin Nəqli Departamentinin Əməyin Təhlükəsizliyi üzrə mühəndisi Polad Məmmədov, idarənin həmkarlar komitəsinin sədri İmamqulu Bayramov çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin Azərbaycan xalqı tərəfindən daim əziz tutulacağını bildirmişlər.