AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRİNİN UKRAYNAYA SƏFƏRİ
E.Məmmədyarov rəsmi səfərinin gedişi barədə məlumat verərək, Ukrayna Prezidenti Leonid Kuçma, Baş nazir Viktor Yanukoviç və xarici işlər naziri Konstantin Qrişşenko ilə görüşləri çox uğurlu və səmərəli hesab etdiyini bildirdi. O qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin böyük perspektivləri var.
Görüşdə ölkələrimizdəki ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıldı.
Elə həmin gün Azərbaycanın xarici siyasət idarəsinin başçısı vaxtilə təhsil aldığı T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutuna getdi, tələbələr qarşısında mühazirə oxudu. Sonra o, respublikamızın bugünkü həyatı, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xətt sayəsində siyasi, iqtisadi, sosial və humanitar sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verdi. E.Məmmədyarov ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyini və müdrikliyini xüsusi vurğulayaraq dedi ki, o, Azərbaycan üçün diplomatik kadrlar hazırlanması barədə hələ 30 il əvvəl düşünürdü.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışaraq, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipini rəsmi Kiyevin dəstəkləməsinin əhəmiyyətini nəzərə çarpdırdı. Sonda o, tələbələrin çoxsaylı suallarına cavab verdi.
“Qızıl Fortuna” Beynəlxalq Reytinq Akademiyasının rəhbərlərindən biri – Dmitri Akimov Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında xidmətlərinə görə Azərbaycan nazirinə diplom və gümüş “Şərəf. Şöhrət. Əmək” Georgi medalını, institutun direktoru L.Quberski isə ali məktəbin Xatirə nişanını təqdim etdi.