İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının iclası keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının və Gəmiçiliyin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığının təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə yaradılmış iri dövlət şirkətlərinin gəlir və xərclər smetaları üzrə Komissiyaya təqdim ediləcək ASCO-nun 2022-ci il üzrə gəlir və xərclər smetası müzakirə edilərək müəyyən rəylər nəzərə alınmaqla Müşahidə Şurası tərəfindən bəyənilib.
İclasda, həmçinin sözügedən smetada əksini tapan göstəricilərin Cəmiyyətin yükdaşıma fəaliyyəti; Azərbaycanda, eləcə də Azərbaycandan kənarda neft-qaz əməliyyatlarına dair xidmətlər; Cəmiyyətin Xəzərdən kənar fəaliyyət göstərən gəmilərinin fəaliyyəti; korporativ sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə mövcud tendensiya və gözləntilər, risklər və onların idarə edilməsi imkanlarına dair proqnozların Cəmiyyətin gəlir və xərc göstəricilərinə təsiri, ötən illərin müvafiq göstəriciləri ilə müqayisəsi əyani şəkildə göstərilmiş müfəssəl təqdimatı ətrafında müzakirələr aparılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.