SİYASƏT
Azərbaycan-Xorvatiya münasibətləri barədə geniş məqalə dərc edilib
Zaqreb, 1 may, AZƏRTAC
Xorvatiyanın nüfuzlu “Glas Slavonije” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun geniş müsahibəsi dərc edilib.
Müsahibədə Azərbaycan-Xorvatiya münasibətləri, Azərbaycanın tarixi və dövlətçilik ənənələri, 1918-1920-ci illər ərzində Azərbaycan Demokratik Respublikasının fəaliyyəti zamanı görülən işlər, müasir dövrdə ölkəmizin sürətli inkişafı, ixrac potensialı, habelə iqtisadiyyatımızda qeyri-neft sektorunda qeydə alınan yüksək inkişaf tempi barədə ətraflı məlumat verilib. Asiya və Avropanı birləşdirən Tarixi İpək Yolunun bərpası istiqamətində aparılan fəaliyyət, ölkəmizin mühüm coğrafi mövqeyi və bu çərçivədə Azərbaycan tərəfindən həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi infrastruktur layihələri barədə məlumat əks etdirilib. Ölkəmizdə kənd təsərrüfatı üçün əlverişli iqlimin mövcud olması, bu sahənin inkişafı üçün görülən tədbirlər və Azərbaycanın istehsal və emalında ixtisaslaşdığı kənd təsərrüfatı məhsulları barədə məlumat verilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri, yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, ölkəmizdə əcnəbi investorlar üçün mövcud olan əlverişli şərait, azad iqtisadi zonalar və 21-ci əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolundan söz açılıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni yolların, yaşayış binalarının tikintisi, Füzuli Beynəlxalq Hava Limanının açılışı kimi bir sıra infrastruktur layihələr, yenidənqurma və bərpa işləri həyata keçirilib və bu istiqamətdə fəaliyyət sürətlə davam etdirilir. Bildirilib ki, məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıtmalarının təşkili qarşıda duran ən əhəmiyyətli vəzifələrdən biridir.
Müsahibədə, eyni zamanda, paytaxtımızın gözəlliyi, Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər, Yanardağ, Atəşgah kimi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş yerlər, ölkəmizin turizm potensialı və Azərbaycan mədəniyyətini özündə təcəssüm etdirən xalçalarımız, kəlağayılar barədə məlumat dərc edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb