Azərbaycanda açıq ürək və böyrək köçürülməsi əməliyyatları artıq səhiyyəmizin gündəlik hadisəsinə çevrilmişdir
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycan səhiyyəsinin ən mühüm nailiyyətlərindən biri də kadr potensialının inkişafıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılmışdır. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul - bütün bunlar islahatların tərkib hissələridir. Ötən il artıq rezidenturanın ilk buraxılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən demişdir.
Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırmaları üçün hər cür şərait olduğunu diqqətə çatdıran nazir bildirmişdir ki, bununla yanaşı, istedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır. Bu praktikanın müsbət nəticələrini Azərbaycanda kardiocərrahiyyənin və transplantologiyanın sürətli inkişafında görmək olar. Hazırda ölkəmizdə açıq ürək və böyrək köçürülməsi əməliyyatları artıq fövqəladə hal deyil, səhiyyəmizin gündəlik hadisəsinə çevrilmişdir. Keçən il minlərlə belə əməliyyat keçirilmişdir.
O.Şirəliyev qeyd etmişdir ki, Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər. Azərbaycanın Dünya Səhiyyə Təşkilatının rəhbər strukturlarına seçilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. DST-nin tarixində ilk dəfə ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq qurumun İcraiyyə Komitəsinə, Avropa Regional Bürosu Daimi Komitəsinə və yenidən İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2013-cü ilin may ayında isə DST İcraiyyə Komitəsinin növbəti sessiyasında Azərbaycan bu qurumun birinci vitse-prezidenti kürsüsündə təmsil olunmuşdur.