Azərbaycanda COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirilmişdir
Bakı, 25 oktyabr (AZƏRTAC). Bakıda COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin “İnformasiya və təlim” mövzusunda ikigünlük iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə keçirilmiş iclasda yerli mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Almaniya, Moldova, Özbəkistan və Tacikistanı təmsil edən nümayəndələr iştirak etmişlər.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası açan Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov son illər ölkəmizdə ölçmələrin vəhdətinin təmin edilməsi, dövlət etalon bazasının təkmilləşdirilməsi, yeni dövlət etalonlarının alınması istiqamətində görülmüş işlərlə bağlı məlumat vermişdir. Onun sözlərinə görə, son beş ildə komitədə kütlə, qüvvə və təzyiq, elektrik kəmiyyətləri, vaxt və tezlik, temperatur, sıxlıq və özlülük və dozimetrik dövlət etalonları laboratoriyaları yaradılaraq milli etalon bazası formalaşmışdır. Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı nəticəsində Azərbaycan 2007-ci ildən COOMET Regional Metrologiya Təşkilatında təmsil olunmaqdadır.
Sonra COOMET-in vitse-prezidenti, TK 04 “İnformasiya və təlim” Texniki Komitəsinin (TK) sədri Pavel Neejmakov TK-nın son bir ildə gördüyü işlər barədə məlumat vermişdir.
İclasda TK-nın növbəti il üçün perspektiv planları, COOMET ilə Dövlət Metrologiya Xidmətinin gələcək əməkdaşlıq əlaqələri, gənc metroloqların təcrübə mübadiləsi proqramlarında iştirakı və gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilmişdir.