Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 22,4 faiz artıb
Bakı, 30 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi vətəndaşların daşınmaz əmlakın qeydiyyatına olan əlçatanlığını artırıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin on ayında ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4 faiz artaraq 247 min 308 olub. Bunun 53 min 738-i ilkin, 193 min 570-i isə təkrar qeydiyyatdır.
Cari ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 min 836-sı fərdi yaşayış və bağ evi, 75 min 224-ü mənzil, 122 min 73-ü torpaq sahəsi, 2877-si qeyri-yaşayış binası, 6631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, 2021-ci ilin on ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 min 92-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Bu dövrdə 13 min 281 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 15,1 faiz artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin on ayı ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 21,6 faiz artaraq 13 min 88, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 41 faiz artaraq 3158 olub.
Cari ilin yanvar-oktyabr ayları ərzində 193 min 28 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8 faiz artaraq 42 min 29 olub.