Azərbaycanda həkimlərin ixtisaslar üzrə hazırlığı rezidentura vasitəsilə həyata keçirilir
Bakı, 7 yanvar (AZƏRTAC). Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsildir.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə həkimlərin ixtisaslar üzrə hazırlığı rezidentura vasitəsilə həyata keçirilir. Qəbul planına uyğun olaraq 2013-cü ildə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılmışdır. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir.
Cəlilabad, Quba və Saatlıda orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq 3 yeni tibb kolleci açılmışdır. Bundan əlavə, 2013-cü ildə Almaniyada 30, Belarusda 11, Türkiyədə 83 müdavim səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırmışlar. Eyni zamanda, Avropadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təşkil edilmiş kurslara 243 müdavim cəlb olunmuşdur.