Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar məqsədyönlü və strateji xarakter daşıyır
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar məqsədyönlü və strateji xarakter daşıyır. Genişmiqyaslı yenilənmələr nəticəsində respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artım təmin edilir, iqtisadiyyatın şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradılır. Bütün bunlarla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın neft-qaz amilindən asılılığı getdikcə azalır. Bu isə respublikamızda qeyri-neft sahələrinin inkişafına müsbət təsir göstərir, səhiyyənin və təhsilin inkişafını, yoxsulluğun azaldılmasını, torpaq ekosisteminin mühafizəsini şərtləndirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci il üçün hazırlanan “Dayanıqlı İnkişaf Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 bal toplaması da bu genişmiqyaslı fəaliyyətin məntiqi nəticəsidir. Bu, həm də Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımların dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin, o cümlədən BMT kimi nüfuzlu bir qurumun diqqətindən də kənarda qalmadığını göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.
O daha sonra xatırladıb ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri İndeksi” (DİM) üzrə 50-ci yerdə qərarlaşıb. Beləliklə, bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderliyə yüksəlib.
Emin Bağırovun sözlərinə görə, hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğun azaldılması, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üzrə mühüm irəliləyişə nail olub.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, bu gün ölkədə yoxsulluğun azaldılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal çətinliklərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlər dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunur.
“Dayanıqlı İnkişaf Hesabatı”nda Azərbaycanda yoxsulluğun azaldılması məqsədi üzrə yüksək fəaliyyətin nəticəsinə əsaslanılması təsadüfi deyil. Çünki respublikada bu yöndə reallaşdırılan islahatlar, böyük sosial paketlərin gerçəkləşdirilməsi, müasir sosial infrastrukturun formalaşdırılması nümunəvi xarakter daşıyır və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.
BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı” hər bir ölkənin 2030-cu ilədək müəyyənləşdirilən dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirmək üçün hazırlanır. Hesabat dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulan 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə fərqli indikatorlara əsaslanır, iqtisadi- sosial sahələrdə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilər sənəddə öz əksini tapır.
“BMT-nin illik açıqlanan “Dayanıqlı İnkişaf Hesabatı” da təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar isə dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Bütün bunlar isə dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycanın bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirir”, - deyə Emin Bağırov bildirib.