ELM VƏ TƏHSİL
Azərbaycanda nəşr olunan 29 adda jurnal Böyük Britaniyanın “INSPEC” bazasına daxil ediləcəkdir
Bakı, 3 iyul (AZƏRTAC). 1969-cu ildən fəaliyyət göstərən “INSPEC” bazası Böyük Britaniyanın Mühəndislik və Texnologiya İnstitutu tərəfindən yaradılmışdır. Baza hazırda ingilis və digər dillərdə 68-dən çox ölkənin mənbələrini özündə birləşdirir.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə Azərbaycanda nəşr olunan 29 adda jurnal “INSPEC” bazasında yerləşdiriləcəkdir.
Bazada təxminən 5.000 elmi-texniki jurnal, 2.500 konfrans materialı, eləcə də çoxsaylı kitablar, hesabatlar, dissertasiyalar və elmi videolar yerləşdirilmişdir. Elektronika, informatika, fizika, maşınqayırma, mexanika və digər sahələrdə 13 milyondan artıq biblioqrafik qeyd vardır.
Bütün dünyada məşhur olan, 70-dən çox axtarış imkanı olan “INSPEC” bazası alim və mühəndislərə yeni texnologiya və məhsullar haqqında informasiya verir, tədqiqat məlumatlarını müəyyən etməyə imkan yaradır.