AZƏRBAYCANDA OMBUDSMAN TƏSİSATININ BİR YAŞI TAMAM OLUR
BU MÜDDƏTDƏ QURUMUN APARATINDA 2400 ƏRİZƏYƏ BAXILMIŞDIR İyulun 2-də ölkəmizdə Ombudsman institutunun birinci ildönümü münasibəti ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir. Brifinqi açan ombudsman Elmira Süleymanova demişdir ki, 2001-ci ildən Avropa Şurasına bərabərhüquqlu üzv olan Azərbaycan milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsini öhdəliyə götürmüşdür. Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı kimi insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ombudsman təsisatı yaradılmışdır. Milli Məclis 2001-ci il oktyabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununu qəbul etdikdən bir qədər sonra, 2002-ci il iyulun 2-də ölkəmizin Prezidentinin tövsiyyəsi ilə Azərbaycanın ilk ombudsmanını seçdi. Ötən bir il ərzində Ombudsman təsisatı ölkədə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, ötən müddət ərzində təsisata 2400 ərizə daxil olmuşdur. Bunlardan təxminən 90 faizi şikayət ərizəsi, qalanı isə təklif və məlumatlardan ibarətdir. Şikayət ərizələrinin 48 faizinin baxılmasından Ombudsman haqqında Qanunla nəzərdə tutulmuş qaydada imtina olunmuş, 52 faizi isə baxılmaq üçün qəbul edilərək araşdırılmışdır. Hər iki halda ərizəçilər əsaslandırılmış cavab məktubu ilə məlumatlandırılmışlar. Araşdırılan şikayətlər üzrə Milli Məclisə, Nazirlər Kabinetinə, nazirlərə, icra hakimiyyəti başçılarına, məhkəmə və prokurorluq orqanlarına məktublar göndərilmişdir. İnsan hüquqlarının pozulması halları təsdiqlənmiş şikayətlərin orta hesabla 20 faizi müsbət həll olunmuşdur. Ayrı-ayrı şikayətlər üzrə bir neçə halda səlahiyyətli dövlət qurumlarına ümumiləşdirilmiş təkliflər göndərilmişdir. Ombudsman məhbusların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq Əfv Komissiyası qarşısında məsələ qaldırmış, 9 nəfərin əfvinə nail olmuşdur. İnsan hüquqları üzrə müvəkkil qaçqın və məcburi köçkünlərin, ahıl və qocaların vəziyyəti ilə də maraqlanmış, müxtəlif tədbirlər həyata keçirmişdir. Ombudsman institutu beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil Aparatı bu gün BMT, Avropa Ombudsmanlar İnstitutu, ATƏT və digər təşkilatlarla əlaqələr yaratmışdır. Azərbaycanın Ombudsman təsisatı Beynəlxalq Ombudsmanlar İnstitutuna, həmçinin Rusiya Hüquqşünaslar Assosiasiyasına üzv seçilmişdir. Fəaliyyətini daha da genişləndirmək, insanların müvəkkil institutu ilə işləməsini asanlaşdırmaq, eləcə də əhalinin maarifləndirilməsi məqsədilə Ombudsman Aparatı respublikanın 3 bölgəsində təsisatın yerli təşkilatlarını yaratmaq niyyətindədir. Artıq yerli təşkilatların nümayəndələri üçün Bakıda məşğələlər təşkil olunmuşdur. Sonda ombudsman Elmira Süleymanova dəvəti qəbul edib tədbirə gəlmiş brifinq iştirakçılarına təşəkkürünü bildirmiş, təsisatın fəaliyyətinin, uğurlarının və problemlərinin işıqlandırılmasında ölkə mediasının daim yardımçı olduğunu və kollektivə dəstək verdiyini vurğulamışdır.