Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi böyrəkköçürmə əməliyyatlarının uğurla aparılmasını təmin etmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində ölkə səhiyyəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsini, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.
Bütün bu görülmüş işlərin məntiqi nəticəsidir ki, son 10 ildə Azərbaycanın tibb müəssisələrində böyrəkköçürmə əməliyyatları uğurla aparılır. Bu səbəbdən ölkəmizdə böyrəkköçürmə əməliyyatlarının sayı artırmışdır. Təkcə 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunmuşdur.
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri bu günlərdə daha bir uğurlu böyrəkköçürmə əməliyyatına imza atmışlar. Xroniki böyrək çatışmazlığından uzun müddət əziyyət çəkən 6 yaşlı Gəncə sakini Cavid Axundova öz babasının böyrəyi köçürülmüşdür. Həkimlər dializ proqramına girmədən xəstənin üzərində əməliyyat aparmışlar. Bu, xəstəxana tərəfindən indiyədək dializə girmədən aparılan 31-ci əməliyyatdır. Donor əməliyyatı müasir laparoskopik üsulla icra olunmuşdur.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması da son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə başçısının qayğı və diqqəti nəticəsində öz həllini tapmışdır. Hər il bölgələrdə yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə ötən ildə 9 yeni hemodializ mərkəzi açılmış və bu müəssisələrdə 102 dializ aparatı quraşdırılmışdır. Beləliklə, bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılmışdır.