Azərbaycanda ünvan reyestrinin aparılmasının hüquqi əsasları müəyyənləşdirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Ünvan Reyestrinin İnformasiya Sisteminin tərtibi və aparılmasının hüquqi əsasları müəyyənləşdirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında” Əsasnamə təsdiqlənmişdir. Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.
Əsasnaməyə görə, ÜRİS-ə digər dövlət orqanlarının informasiya sistemləri də inteqrasiya olunacaqdır. Həmin sistemlərin dairəsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. Dövlət qurumları (istifadəçilər) ünvan məlumatlarını ÜRİS-in mərkəzi paylayıcı serverindən dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə əldə edəcəklər.
Ünvan reyestrinin yaradılması nəticəsində istənilən ünvanı tapmaq asanlaşacaqdır. Eləcə də milli ünvan reyestri portalı vasitəsi ilə hər hansı ünvan barədə dəqiq koordinatları və istiqamətverici digər məlumatları əldə etmək mümkün olacaqdır. Yeni sistem ünvanların tapılması üçün naviqasiya cihazlarından istifadəni təmin edəcəkdir.
Qeyd edək ki, bir müddət əvvəl ölkədə yeni ünvanvermə qaydaları qüvvəyə minmişdir. Bundan sonra ünvanlar binalara yox, onların girişlərinə veriləcəkdir. Yeni qaydalara əsasən, binanın hər bir girişinə ayrıca ünvan təyin olunur. Bundan başqa, hər bir girişdəki mənzillərin nömrələri və hansı mərtəbədə yerləşməsi göstəriləcəkdir.
Ən mühüm dəyişikliklərdən biri küçə və prospektlərin kodlaşdırılması olacaqdır. Sənədlərdə küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də əks olunacaqdır.
Yeni tikilən binalara ünvan verilməsinə gəlincə, oradakı mənzil sahibləri ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrinə müraciət edəcək və indiyədək olduğu kimi, dövlət rüsumu ödəməklə ünvan alacaqlar.