Azərbaycanda xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir
Bakı, 3 yanvar, AZƏRTAC
Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cu il ərzində bu rəqəm 43 tondan artıq olub. Yalnız Məhərrəm ayında Aşura günü ərzində 5809 nəfərdən qan götürülüb və 2614 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır: “Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onlar arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanlar arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.