Azərbaycanda yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılması geniş vüsət almışdır
Bakı, 10 yanvar (AZƏRTAC). Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Onların 56-sı artıq istifadəyə verilmişdir. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın - ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məlumat vermişdir.
Səhiyyə naziri 2013-cü ilin ölkə səhiyyəsi üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərdiyini, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını vurğulayaraq demişdir: “Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə ocaqlarının açılışında şəxsən iştirakı artıq ənənəyə çevrilmişdir. Dövlət başçısı Tibb Universitetinin Cərrahiyyə Klinikasının, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının, Astara, Ağcabədi, Cəlilabad, Lənkəran, Yevlax rayon mərkəzi xəstəxanalarının açılış mərasimlərində iştirak etmiş, bu tədbirlərdə tibb işçiləri ilə görüşmüş, onların zəhmətini yüksək dəyərləndirmişdir”.
Nazir bildirmişdir ki, həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan
5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.
O.Şirəliyev qeyd etmişdir ki, tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyəti olmuşdur. Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə müayinələrin həcmi artmış, ilkin aşkarlama və xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlmiş, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalmışdır.