Azərbaycanın ABŞ-dakı səfirliyi Ermənistanın təcavüzü haqqında məlumat yayıb
Vaşinqton, 5 aprel, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyi Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərinə, habelə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən kəndlərə (həmin kəndlərdə dinc əhali yaşayır) ağır odlu silahlardan hücumları artırıblar.
Atəşkəs rejiminin Ermənistan qüvvələri tərəfindən pozulması Azərbaycan əsgərlərinin və dinc sakinlərin həlak olması ilə nəticələnib. Kəndlərin dinc əhalisini müdafiə edən Azərbaycan Silahlı Qüvvələri erməni bölmələrinə cavab verib. Aprelin 3-də Azərbaycan atəşi birtərəfli qaydada dayandırdığını elan edib, lakin Azərbaycanın bu sülh təşəbbüsü ona qarşı hücumları davam etdirən Ermənistan tərəfindən rədd edilib.
Sonra məlumatda deyilir ki, görünür, atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması regional konsepsiyanı əməkdaşlıq və inkişafdan düşmənçiliyə və zorakılığa doğru dəyişdirmək məqsədi daşıyır. Xüsusən IV Nüvə Təhlükəsizliyi Sammitinin regionumuz üçün müsbət yekunlarını nəzərə alsaq, bu, daha çox nəzərə çarpır.
Münaqişənin eskalasiyası Ermənistanın beynəlxalq miqyasda təcrid olunmasına və dövlət müstəqilliyinin faktiki itirilməsinə bəraət qazandırmağa hesablanan mənasız cəhdidir. Məhz buna görə Ermənistan rəhbərliyi münaqişəni təzələmək və Cənubi Qafqazda sülhü və təhlükəsizliyi yenidən təhlükə altına qoymaq qərarına gəlib. Bu da öz növbəsində erməni və Azərbaycan əhalisi arasında itkilərə gətirib çıxarıb.
Məlumatda Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının vacibliyindən də danışılır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton