“AZƏRBAYCANIN AVRATLANTİKA MƏKANINA İNTEQRASİYASI VƏ DEMOKRATİK SEÇKİLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Park İNN-Azərbaycan” mehmanxanasında keçirilən “Azərbaycanın Avratlantika məkanına inteqrasiyası və demokratik seçkilər” mövzusunda beynəlxalq konfrans iyunun 25-də başa çatmışdır.
Konfrans Azərbaycanın Avratlantika məkanına inteqrasiyası prosesində demokratik seçkilərin rolunu öyrənmək, NATO ilə Azərbaycan arasında münasibətlərin inkişaf yollarını müzakirə etmək məqsədi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Avrasiya Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü, NATO İctimai Diplomatiya Bölməsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdi.
Konfransda Avratlantika məkanına inteqrasiyada demokratik seçkilərin rolu, Azərbaycan-NATO əməkdaşlığı və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (FTƏP) irəli gələn vəzifələr, Qafqazın Avratlantika qurumlarına inteqrasiya prosesində Türkiyənin rolu, müdafiə və təhlükəsizlik sahəsində əlaqələr və s. məsələlərə dair məruzələr dinlənilmiş, inkişaf perspektivləri müəyyənləşdirilmişdir.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, Azərbaycan Hüquqşünasları Konfederasiyası idarə heyətinin üzvü Faiq Qurbanov çıxış edərək bildirmişdir ki, Avropa və Avratlantik məkanın siyasi, təhlükəsizlik, iqtisadi və digər sahələrdə fəaliyyət göstərən strukturlarına inteqrasiya etmək Azərbaycanın strateji məqsədidir. Ölkəmiz Şimali Atlantika alyansının beynəlxalq münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alaraq NATO ilə əməkdaşlığı inkişaf etdirməyi xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edir və bu əməkdaşlığa bütövlükdə Avratlantik məkanda demokratiyaya töhfə vermək imkanı kimi baxır.
Ölkəmizin Cənubi Qafqazda mühüm coğrafi-strateji mövqeyə malik olduğunu deyən Azərbaycanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin ikinci katibi Hikmət Hacıyev bildirmişdir ki, nəhəng iqtisadi potensialına və ərazisindən keçən nəqliyyat marşrutlarına görə Azərbaycan, yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avropa qitəsinin ən mühüm ölkələrindən biri sayılır. Xəzər dənizinin neft-qaz ehtiyatlarının Avropa bazarlarına nəql edilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə artıq öz töhfəsini verir.
Natiq vurğulamışdır ki, Azərbaycan NATO-nun müxtəlif struktur və təsisatlarına qoşulmaqla dünyanın kollektiv təhlükəsizlik sisteminə daxil olmaq, öz təhlükəsizliyini beynəlxalq təhlükəsizlik məsələləri ilə uyğunlaşdırmaq imkanı qazanmışdır. Ölkəmiz NATO standartlarını milli hərbi təhsil və təlim proqramlarına daxil etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin transformasiyası prosesi başlanmışdır. Silahlı qüvvələr üzərində mülki nəzarətin daha da gücləndirilməsi üçün müvafiq iş aparılır. NATO rəhbərliyi də ölkəmiz ilə əməkdaşlığa ciddi diqqət yetirir və bu cür tədbirlərin Bakıda keçirilməsi, bir sıra məsələlərdə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi buna əyani sübutdur.
Digər çıxışlarda bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazdakı digər münaqişələrlə yanaşı, bütün bölgənin inkişafı yolunda böyük maneəyə çevrilmişdir, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir.
Natiqlər Avratlantika məkanına inteqrasiyanı ləngidən bu münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında yaxın vaxtlarda sülh yolu ilə həll olunacağına əminliklərini ifadə etmişlər.
Konfransın əhəmiyyətindən danışan NATO ekspertinin dediyinə görə, tədbirin proqramı bu regionun Şimali Atlantika alyansı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın şəkildə göstərir. Azərbaycanda olan vəziyyət, onun siyasi, iqtisadi inkişafı, sabitliyi NATO üçün olduqca vacibdir. Bu cür tədbirlər həmin məsələlərə, eləcə də problemlərə bir daha obyektiv baxmağa və onların həlli yollarını tapmağa imkan yaradacaqdır. NATO və onun ayrı-ayrı strukturları Xəzəryanı regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdırlar. Bu konfransda aparılmış müzakirələr gələcək fəaliyyətimizin prioritetlərini müəyyənləşdirməyə imkan yaradacaqdır.
Konfransın işində 100-dən çox beynəlxalq ekspert və hüquqşünas, o cümlədən xarici dövlətlərin ölkəmizdəki səfirləri, dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.