AZƏRBAYCANIN AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI İLƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Nazir Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları, o cümlədən AYİB-lə əməkdaşlığa böyük önəm verdiyini bildirərək demişdir ki, bank indiyədək ölkəmizə 800 milyon ABŞ dollarına yaxın kredit ayırmış, təbii ehtiyatların hasilatı, enerji, nəqliyyat sahəsində layihələrin texniki-iqtisadi sənədlərinin hazırlanmasına maliyyə yardımı göstərmişdir. AYİB Yenikənd SES-in yenidən qurulması, hava-naviqasiya sisteminin modernləşdirilməsi, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması və s. layihələrin maliyyələşdirilməsində fəal iştirak etmişdir. Bank, hazırda Hacıqabul-Kürdəmir və Bakı-Samur avtomobil yollarının yenidən qurulması layihələrinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərir. Bundan əlavə, AYİB özəl sektorda bir sıra layihələrin maliyyələşdirilməsində də iştirak etmiş, yerli özəl banklara kredit xətti ayırmışdır.
H.Babayev bankla əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulamışdır. Bu il beynəlxalq maliyyə qurumları ilə birlikdə ölkəmizin regionlarında ümumi dəyəri 450 milyon ABŞ dolları olan mühüm layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir AYİB-in də bu layihələrdə iştirakının əhəmiyyətli olacağını bildirmişdir.
Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayan AYİB-in prezidenti Jan Lemyer rəhbərlik etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində maraq göstərdiyini söyləmişdir. O, ölkəmizin iqtisadi inkişafından, gəlirlərinin artmasından məmnunluğunu ifadə etmiş və AYİB-in bu istiqamətdə hər cür əməkdaşqlığa hazır olduğunu bildirmişdir.
J.Lemyer demişdir ki, AYİB Azərbaycanın regionlarında həyata keçirilən layihələrə də maraq göstərir və o, səfəri çərçivəsində Qubaya gedərək yerli iş adamları ilə də görüşəcəkdir.
Görüşdə Azərbaycan DRES-in yenidən qurulması, Azərbaycan Dövlət Dəmir Yolunun lokomotiv parkının yeniləşdirilməsi və modernləşdirilməsi və s. layihələr barədə fikir mübadiləsi də aparılmış, qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunmuşdur.