AZƏRBAYCANIN İSTANBULDAKI BAŞ KONSULU BİR SIRA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Baş konsul AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Muammer Gülərlə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında İstanbul Valiliyinin rolu, İstanbulla Bakı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, qarşılıqlı nümayəndə heyətlərinin səfərləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Səyyad Salahlı ölkəmizdəki iqtisadi tərəqqi, aparılan islahatlar barədə valiyə məlumat vermişdir.
Muammer Gülər, Azərbaycanın son illərdə qazandığı uğurların qardaş Türkiyə xalqını da sevindirdiyini, həyata keçirilən irimiqyaslı layihələrin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini bildirmişdir.
İstanbulun cümhuriyyət prokuroru ilə görüşdə isə Türkiyədə bu şəhərdə işləyən azərbaycanlıların hüquqları, həbsxanalarda cəza çəkən həmvətənlərimizin durumu müzakirə olunmuşdur. Baş konsulumuz kiçik xətalar ucbatından həbs olunmuş azərbaycanlıların cəzalarının yüngülləşdirilməsi ilə bağlı İstanbul cümhuriyyət prokurorluğu ilə daha sıx əməkdaşlıq etmək niyyətini ifadə etmişdir. Aykut Çengiz Engin əsasən Bayrampaşa həbsxanasında cəzasını çəkən bu insanların durumunu yüngülləşdirmək üçün qanunlar çərçivəsində hər cür köməyin göstəriləcəyini bildirmişdir. Səyyad Salahlı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun salamlarını da cümhuriyyət prokuroruna çatdırmış, onun gələn il aprel ayında Bakıya edəcək səfərinin ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığa daha bir töhfə olacağını vurğulamışdır.