Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olmuşlar.
Nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoymuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Zakir Həsənov fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış olmuşdur.
Burada gün ərzində xəstə və yaralılara tibbi xidmət göstərilməsinin mümkünlüyü, hospitalda düzgün xəstəlik diaqnozunun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə, rabitə, həmçinin diaqnostika və əməliyyat bölmələrinin fəaliyyəti barədə Zakir Həsənova məruzə olunmuşdur.
Müdafiə naziri qısa müddətdə cəbhə bölgələrində səhra hospitallarının tam şəkildə quraşdırılması, hərbi həkim heyətinin taktiki təlimlər zamanı fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və səhra hospitallarının fəal döyüş əməliyyatlarına hazırlıq vəziyyətinə gətirilməsi barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə müvafiq tapşırıqlar vermişdir.
Sonra Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan avadanlıqla təchiz edilmiş ikinci müalicə korpusunda olmuş və burada müalicə alan xəstələrə baş çəkmişdir.
Hospitalın kollektivi ilə görüş zamanı nazir hərbi qulluqçulara, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərilməsi, şəxsi heyətin sağlamlığına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar vermişdir.