AZƏRBAYCANIN NÜMAYƏNDƏSİ DÜNYA KREDİT İTTİFAQLARI ŞURASININ KONFRANSINDA İŞTİRAK EDİR
Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) AZƏRTAC-a bildirmişlər ki, Honkonq şəhərində Dünya Kredit İttifaqları Şurasının növbəti konfransı işə başlamışdır.
48 ölkənin 1300-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən dördgünlük tədbirdə kredit ittifaqlarının fəaliyyət məsələləri müzakirə edilir.
Konfransda AKİA idarə heyətinin sədri Elçin Bağırov “Azərbaycanda kredit ittifaqlarının fəaliyyəti: bu gün və sabah” mövzusunda hesabatla çıxış edəcəkdir.
Konfrans çərçivəsində tədris sessiyaları, kredit ittifaqlarının gənc rəhbərləri üçün müxtəlif proqram və müsabiqələr, Honkonqun kredit ittifaqlarının əməkdaşları ilə görüşlər, həmçinin beynəlxalq kredit ittifaqları sərgisi və sair tədbirlər təşkil olunur.
Tədbirdə AKİA-nın Dünya Kredit İttifaqları Şurasına üzv qəbul edilməsi də nəzərdə tutulmuşdur.