Azərbaycanın Polşadakı səfirliyi iftar süfrəsi açıb
Varşava, 30 aprel, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyi Ramazan ayı ilə əlaqədar növbəti xeyriyyə aksiyasını Belostok şəhərində keçirib.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşkilatçılığı və dəstəyi ilə açılan iftar süfrəsində Polşanın müftisi Tomaş Miskeviç başda olmaqla, Polşa Müsəlmanları İttifaqının, yerli tatar icmasının təmsilçiləri, o cümlədən şəhərdə təhsil alan müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.
Polşanın müftisi T.Miskeviç iftar süfrəsi ilə bağlı fikirlərini bölüşən zaman aksiyanın keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbirin əsl həmrəylik, dostluq, qardaşlıq və xeyirxahlıq kimi universal dəyərlərə ehtiva etdiyini bildirib. O, qısa zaman ərzində Azərbaycan səfirliyinin ölkədəki müsəlman icması üçün olduqca dəyərli tərəfdaşa çevrildiyini vurğulayıb. T.Miskeviç oxşar tədbirlərin digər müsbət cəhətləri ilə yanaşı, Polşanın müsəlman əhalisi arasında Azərbaycana qarşı rəğbəti təşviq etdiyini bildirib.
Ramazan ayının xeyirxahlıq, bölüşmək və başqalarına qayğı göstərmək üçün xüsusi zaman kəsiyi olduğunu vurğulayan səfir Nərgiz Qurbanova Azərbaycanda Ramazana verilən önəmi qeyd edərək onun ehtiva etdiyi nəcib məqamlardan danışıb. Səfir bütün məclis iştirakçılarına qarşıdan gələn Ramazan bayramı münasibətilə xoş və səmimi təbriklərini çatdıraraq, gələcəkdə Azərbaycan və Polşa xalqları arasında əlaqələrin daha da parlaq nailiyyətlər qazanacağına olan inamını ifadə edib.
İftar məclisində Azərbaycan mətbəxinin təamları qonaqlara təqdim olunub, daha sonra Azərbaycan şirniyyatları ilə çay süfrəsi açılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava