AZƏRBAYCANIN QADIN GİMNASTLARI RUSİYADA KEÇİRİLMİŞ BEYNƏLXALQ TURNİRLƏRDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Bakı, 14 dekabr (AZƏRTAC). Azərbaycanın qadın gimnastları Rusiyanın Vladimir şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, əgər Almaniyanın Paderborn şəhərində noyabr ayında keçirilmiş yarışlarda yeniyetmə gimnastlarımızdan ibarət qrup 3-cü yeri tutmuşdusa, bu dəfə Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənovadan İbarət dördlük ən yüksək pilləyə qalxmış, qızıl medal qazanmışdır. Bu, gələn il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etmək məqsədi ilə məşqçi heyətin təşkil etdiyi dörd gimnastdan ibarət tamamilə yeni kollektivdir.
Azərbaycanın daha yaşlı gimnast kollektivi də gənc rəfiqələrindən geri qalmamışdır. Ceyla Quliyeva, Anastasiya Prasolova, Stefani Trayanova, Nigar Mirzəyeva, Cəmilə Hüseynova, Nigar Əbdüsəlimova və Aelita Xələfovadan ibarət komanda da beynəlxalq turnirdə birinci yeri tutumuşdur.
Lalə Yusifova 1995-1996-cı il təvəllüdlü gənc gimnastların turnirində gümüş medala layiq görülmüşdür. Həmin yaş qrupunda mübarizə aparan digər idmaçımız Jalə Qaratova isə 4-cü yerlə kifayətlənmişdir.
Rusiyanın təkcə Vladimir şəhərində deyil, Kalininqrad şəhərində də ötən istirahət günlərində Azərbaycanın dövlət himni səslənmiş, dövlət bayrağımız ucaldılmışdır. Bakı Gimnastika Məktəbindən verilən məlumata görə 12 yaşlı Leyla Hüseynli beynəlxalq yarışların qalibi olmuş, Nərmin Hüseynova isə 1999-cu il təvəllüdlü gimnastlar arasında 3-cü yerə çıxmışdır.