Azərbaycanın Rus İcması ilə Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti arasında Memorandum imzalanıb
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Rus Mədəniyyəti Mərkəzində Azərbaycanın Rus İcması ilə Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Moskva şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və digərləri iştirak ediblər.
Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin qeyd edib ki, bu memorandumun imzalanması Azərbaycan və Rusiya üçün əlamətdar hadisədir. O, icma ilə Rusiyada yaşayan azərbaycanlılar arasında sıx əlaqələrin mövcudluğundan danışıb.
Memoranduma əsasən, tərəflər Azərbaycanda və Rusiyada ictimai əhəmiyyətli layihələrin və təşəbbüslərin icrasında əməkdaşlıq barədə razılığa gəliblər. İki ictimai təşkilatın təmsilçiləri Rusiyada Azərbaycan diasporunun və Azərbaycanda Rus İcmasının potensialından daha fəal istifadə etməyin zəruriliyini, bu potensialın iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və etimad ab-havasının yaradılmasına yönəldiləcəyini vurğulayıblar.
Həmçinin Azərbaycanın Rus İcmasının Sankt-Peterburq, Krasnodar, Həştərxanın diaspor təşkilatları ilə saziş bağladığı qeyd olunub. Udmurtiya ilə memorandumun imzalanmasının planlaşdırıldığı və bu sənədin bundan sonra əlaqələrin genişləndirilməsi üçün fürsət yaradacağı bildirilib.
Memorandumu Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin və Moskva şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov imzalayıblar.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş birgə layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılır.