Azərbaycanın və Belarusun aviasiya akademiyaları arasında əməkdaşlıq məsələsi müzakirə edilib
Minsk, 1 fevral, AZƏRTAC
Belarus Elmlər Akademiyasının binasında Belarus Dövlət Aviasiya Akademiyasının magistratura pilləsini bitirən məzunlara diplomların təqdim olunması mərasimi keçirilib.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarus parlamentinin deputatı Valeri Kurseviç, Belarus Dövlət Aviasiya Akademiyasının rektoru Artyom Şeqideviç, səfir Lətif Qəndilov və digər rəsmi şəxslər çıxış ediblər.
Belarus Dövlət Aviasiya Akademiyasında magistr təhsilini bitirən azərbaycanlı tələbə Əmir Əmirova diplomu səfir Lətif Qəndilov tərəfindən təqdim olunub. Səfir azərbaycanlı tələbənin də belə yüksək təhsil müəssisəsində magistr pilləsini bitirməsinin təqdirəlayiq olduğunu deyib. O, Belarusda elmin inkişafına böyük diqqət yetirildiyini, elmi potensialın yüksək olduğunu, kadr hazırlığı istiqamətində böyük nəticələr əldə edildiyini vurğulayıb.
Magistrlərin buraxılış mərasimindən sonra L.Qəndilov akademiyanın rektoru Artyom Şeqideviç ilə görüşüb və Azərbaycanın Milli Aviasiya Akademiyası ilə Belarus Dövlət Aviasiya Akademiyası arasında əməkdaşlığın qurulmasını təklif edib. Rektor Azərbaycanın aviasiya sahəsində müasir təcrübəyə və böyük texniki imkanlara malik olduğunu vurğulayıb. O, Azərbaycanın Milli Aviasiya Akademiyası ilə əməkdaşlığın yaradılmasından məmnun olduğunu qeyd edib.
Rektor A.Şeqideviç Belarus Aviasiya Akademiyasında təhsil almaq istəyən azərbaycanlı magistr və aspirantlara hər cür şəraitin yaradılacağını vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk