AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SESSİYASINDA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Avropa Şurası Nazirlər Komitəsinin 118-ci sessiyası keçirilmişdir.
Sessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmişdir.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun beynəlxalq ictimaiyyətin maraq dairəsini kəsb edən ən vacib məsələlərdən birinə çevrildiyini vurğulamışdır.
Eyni zamanda, Azərbaycanın üzvü olduğu İslam Konfransı Təşkilatı da daxil olmaqla, Avropa Şurasının əməkdaşlıqda maraqlı olan digər beynəlxalq qurumlarla əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
E.Məmmədyarov çıxışında, həmçinin cari ilin dekabrında Bakıda sivilizasiyaların mədəniyyətlərarası dialoquna həsr ediləcək Avropa Mədəniyyət Nazirlərinin qeyri-rəsmi konfransının keçiriləcəyini, bu tədbirdə Avropa Şurasının, İSESKO-nun, ALECSO-nun nümayəndələrinin iştirak edəcəklərini nəzərə çatdırmışdır.
Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının Varşava sammitində qeyd edildiyi kimi, Avropanın bəzi regionlarında bu günədək həll edilməmiş münaqişələrin mövcudluğunu vurğulayaraq, bunun narahatedici amil olduğunu demişdir. Bu problemlərin tezliklə həllinin vacibliyini vurğulayan nazir, münaqişələrin insanların təhlükəsizliyinə, davamlı inkişafa və tərəflər arasında normal əlaqələrə xələl gətirdiyini bildirmişdir.
Azərbaycanın Dağlıq Qarabağ regionunda mövcud münaqişə ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar rəhbər tutularaq, ölkəmizin beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qaldığı bir daha vurğulanmışdır.
Ermənistan ilə mövcud münaqişənin həllinə dair Azərbaycan Respublikasının mövqeyinin əsasən Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması, Dağlıq Qarabağın ölkəmizin siyasi, iqtisadi, hüquqi və sosial sistemlərinə reinteqrasiyası, münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunda həm erməni, həm də Azərbaycan icmalarının sülh və uyğunluq şəraitində birgə yaşamaları üçün əlverişli mühitin yenidən yaradılmasından ibarət olduğu nəzərə çatdırılmışdır. Bütün bunların Dağlıq Qarabağın Azərbaycanın çərçivəsində statusunun müəyyən olunmasına lazımi şərait yaradacağı bildirilmişdir.