AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ
Ukraynanın baş naziri ölkəmizin xarici siyasət idarəsinin başçısını səmimiyyətlə salamlayaraq onu Azərbaycanın qarşıdan gələn Müstəqillik günü münasibətilə təbrik etdi, xalqımıza sülh, əmin-amanlıq, tərəqqi arzuladı.
Səmimilik şəraitində keçən görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu. E.Məmmədyarov Ukrayna prezidentliyinə namizəd Viktor Yanukoviçə qarşıdakı prezident seçkilərində uğurlar arzuladı.
Elə həmin gün Prezident Leonid Kuçma Azərbaycanın xarici işlər nazirini qəbul etdi. Söhbət zamanı Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğu vurğulandı, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişindən bəhs edildi.
Görüşdə ticarət iqtisadi əməkdaşlıqla, Ukraynada və Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı məsələlər də müzakirə olundu, beynəlxalq problemlərə toxunuldu. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev görüşdə iştirak edirdi.
Sonra E.Məmmədyarov ukraynalı həmkarı K.Qrişşenko ilə görüşdü. Ukraynanın xarici işlər naziri bildirdi ki, Ukrayna tərəfi Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. K.Qrişşenko vurğuladı ki, Prezident İlham Əliyevin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməsi sevindirici haldır.
Elmar Məmmədyarov vurğuladı ki, Azərbaycan-Ukrayna əlaqələri təməli müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma tərəfindən qoyulmuş münasibətlər əsasında qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya bu yaxınlardakı səfəri isə ölkələrimiz arasında dostluq münasibətlərini yeni, daha yüksək səviyyəyə qaldırmışdır.
Görüşdə ikitərəfli münasibətlərlə bağlı bütün məsələlərə dair tam qarşılıqlı anlaşma əldə olundu.
Danışıqların yekunlarına əsasən, nazirlər “Ukrayna və Azərbaycan Respublikası XİN-ləri arasında 2005-ci il üçün məsləhətləşmələr planı” imzaladılar. Nazirlər Ukrayna və xarici ölkə KİV-ləri nümayəndələrinin çoxsaylı suallarına cavab verdilər.
Sonra nazir E.Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Ukraynada 1932-1933-cü aclıq illəri qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoydu.
Azərbaycan XİN başçısının Ukraynaya rəsmi səfəri davam edir.