Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub
Paris, 15 avqust, AZƏRTAC
Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında Azərbaycanın milli rəqsləri, musiqisi və mətbəxi ilə geniş şəkildə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmiz festivalda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Ritm” rəqs qrupu tərəfindən təmsil olunub. Festival günlərində “Balabançı” musiqi qrupunun müşayiəti ilə “Ritm” rəqs qrupu Azərbaycan milli rəqslərinin müxtəlif nümunələrini təqdim edib. Rəqqasların rəngarəng və özünəməxsus milli geyimləri, yüksəksəviyyəli xoreoqrafiyası və ifaların milli ruhu tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Rəqslərin quruluşunda Xalq artistləri Əlibaba Abdullayev, Roza Cəlilova, Əməkdar artist Telman Əliyev, həmçinin Fərhad Vəliyev, Anar Ağaoğlu və Şəhriyar Cəfərovun yaradıcılıq irsindən istifadə olunub. Milli geyimlərin rəssamı isə Leyla Əliyevadır.
Festivalda Azərbaycanla yanaşı, ABŞ, Cənubi Koreya, Uruqvay, Taiti, Meksika, Sloveniya, Hindistan, Slovakiya, Yeni Zelandiya və İndoneziyanın Sulavesi adasından olan folklor kollektivləri də iştirak edib. Bu ilki tədbirə 20 minə yaxın ziyarətçi qatılıb.
Festival çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi xüsusi sərgi stendi ilə də təmsil olunub. Stenddə Azərbaycan rəssamlığı, heykəltaraşlığı, xalçaçılığı, musiqisi və milli mətbəxi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ölkənin qədim tarixini və zəngin mədəni irsini əks etdirən kitablar, jurnallar və suvenirlər nümayiş etdirilib. Ziyarətçilərə milli təamlar və Azərbaycan şərabları da təqdim olunub.
Sərgi Fransa və digər ölkələrdən gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə Azərbaycanın qədim tarixi, maddi və qeyri-maddi mədəni irsi, milli dəyərləri barədə ətraflı məlumat verilib.
Festivalın ikinci günündə isə təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinə həsr olunmuş xüsusi şam yeməyi təşkil edilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları – ovduq, ətli badımcan çığırtması və şəkərbura təqdim olunub. Süfrələr Azərbaycan bayrağının rənglərində bəzədilib, qonaqlara ölkəmiz haqqında məlumatlandırıcı broşürlər də təqdim edilib.
Gecə “Balabançı” musiqi qrupunun ifasında Azərbaycan milli musiqi nümunələri ilə müşayiət olunub. Canlı ifalar tədbirə xüsusi ab-hava qatıb, Azərbaycan musiqisinin zənginliyi və özünəməxsusluğu festival iştirakçılarında böyük maraq doğurub. Qonaqlar milli musiqi nümunələri barədə müsbət təəssüratlarını bölüşüblər. Beləliklə, Azərbaycan festivalda yalnız folklor rəqsləri ilə deyil, həm də musiqisi, milli mətbəxi, sənətkarlığı və zəngin mədəni irsi ilə təqdim olunaraq, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.
Festival avqustun 16-dək davam edəcək.