Azərbaycanla Malayziyanın çəltikçilik sahəsində əməkdaşlığı üçün böyük potensial var
Kuala Lumpur, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycanın Malayziyadakı səfirliyində Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun (MARDI) nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü ilə təşkil olunmuş görüş zamanı Azərbaycan və Malayziya arasında çəltik sənayesi barədə qarşılıqlı fikir mübadiləsi, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə səfir Qaley Allahverdiyev qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib. Bu sahədə ölkəmizin mütərəqqi təcrübəyə malik ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmin bitkinin ərzaq təhlükəsizliyində xüsusi yer tutduğunu qeyd edən səfir çəltikçilik sahəsində ölkəmizin ənənəvi təcrübəyə malik olduğunu, tarixən Azərbaycanda bir sıra sortların becərildiyini qeyd edib. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən dövlət proqramı çərçivəsində ölkədə çəltik sənayesinin inkişaf etdirilməsinin, bu sahədə məhsuldarlığın artırılmasının, əhalinin düyüyə olan tələbatının tam ödənilməsinin və düyü ixracının təşviq edilməsinin, habelə çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların öyrənilməsinin və tətbiq olunmasının əsas məqsədlər kimi müəyyənləşdirildiyini vurğulayıb. Səfir Malayziyanın çəltikçilik üzrə qabaqcıl ölkələrdən biri kimi tanındığını qeyd edərək bu sahə ilə bağlı Azərbaycan və Malayziya arasında əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu deyib.
Malayziya nümayəndə heyətinə başçılıq edən MADRI-nin Baş direktoru Mohamad Roff Noor Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdən məmnunluğunu bildirərək ildə təqribən 2,6 milyon ton çəltik istehsalı ilə Malayziyanın özünəməxsus əkinçilik və toxumçuluq təcrübəsi qazandığını, rəhbərlik etdiyi institutun dünyanın müxtəlif ölkələri ilə uğurlu mübadilə proqramları həyata keçirdiyini qeyd edib. Həmçinin iki ölkənin bu sahə üzrə mütəxəssislərinin birgə iştirakı ilə yaxın gələcəkdə Azərbaycanda çəltikçiliyin inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıb.
Aqrar elmlər doktoru Mohd Syaifudin isə Azərbaycanın meyvəçilik və tərəvəzçilik sahəsində nailiyyətlərinin Malayziya üçün səmərəli təcrübə olduğunu, gələcəkdə iki ölkə arasında müxtəlif istiqamətlərdə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə çoxsaylı müştərək layihələrin mümkünlüyünü qeyd edib.
Sonra nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı məhsullarından hazırlanmış nümunələr ilə tanış olub.
Qeyd edək ki, 1969-cu ildə təsis edilən Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutu sözügedən ölkənin Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərir. MARDI Malayziyada kənd təsərrüfatının inkişafı siyasəti çərçivəsində bu sahəyə elmi, texnoloji və iqtisadi tədqiqatlar vasitəsilə dəstək vermək, habelə kadr potensialını gücləndirmək məqsədilə təsis edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur