Azərbaycanla Qırğızıstan arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Bişkek, 2 dekabr, АZƏRTAC
Azərbaycan ilə Qırğızıstan arasında son illərdə bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son vaxtlar həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızıstanla bağlı məlumatların Azərbaycanda yayılması istiqamətində fəal iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkənin yeni təyin olunmuş mədəniyyət, informasiya və turizm naziri Sultan Jumaqulovla görüşündə səslənib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, informasiya və turizm sahələrində əlaqələrin bugünkü vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, 2018-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.
Nazir mədəniyyət günlərinin keçirilməsinin sevindirici hal olduğunu və bunun üçün hazırlığa başlayacaqlarını bildirib.
Görüşdə Azərbaycan səfirliyinin təşəbbüsü ilə 2018-ci ilin fevral ayında Bişkek şəhərində böyük Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə və Müslüm Maqomayevin xatirəsinə həsr olunan qala-konsertin, mart ayında tanınmış Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi ilə bağlı yubiley tədbirinin keçirilməsi qərara alınıb.
Görüşdə 2018-ci ildə Azərbaycanda böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin qeyd olunması də qərara alınıb.
Səfir naziri 2018-ci il aprel ayının 5-dən 7-dək Bakı şəhərində keçiriləcək 17-ci Beynəlxalq Azərbaycan Turizm və Səyahət sərgisinə dəvət edib.
Nazir Azərbaycanın son illər bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakını görmək arzusunda olduğunu və belə böyük sərgidə iştirak etmək istədiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2018-cı ilin sentyabr ayında Qırğızıstanda, İssık-Kul gölünün sahilində III Dünya Köçərilər Oyunları keçiriləcək və Azərbaycanı bu oyunlarda iştiraka dəvət edib.
Səfir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz həm I, həm də II Dünya Köçərilər Oyunlarında böyük nümayəndə heyəti ilə iştirak edib.
Hidayət Orucov, həmçinin 2017-cı ilin may ayında Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qırğız idmançıların yaxşı iştirak etdiklərini və 56 ölkə arasında 10-cu yeri tutmalarının böyük uğur olduğunu söyləyib.
Tərəflər humanitar sahədə əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər və bu xəttin davam etməsinin vacibliyini qeyd ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek