Azərbaycanlı alimlər beynəlxalq seminarda iştirak ediblər
Bakı, 10 noyabr, AZƏRTAC
Rusiya Arxeologiya və Etnoqrafiya İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və PaleoCentralAsia Elmi-Tədqiqat Mərkəzinin dəstəyi ilə onlayn formatda keçirilmiş “Xəzəryanı ərazilərdə istehsal təsərrüfatına keçid” adlı beynəlxalq elmi seminarda ölkəmizi AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini tarix üzrə fəlsəfə direktoru Məlahət Fərəcova təmsil ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Orta Kür çayı hövzəsində neolitləşmə prosesləri” mövzusunda çıxış edən Fərhad Quliyev multidisiplinar tədqiqatların nəticələri əsasında Neolit dövrünə aid Şomutəpə arxeoloji mədəniyyətini daşıyan qədim əhalinin məskənlərinin quruluşu, yayılma prosesinin qanunauyğunluqları, təsərrüfat və qidalanma sistemi və dini-ideoloji baxışlarından danışıb.
“Xəzər dənizinin qərb sahilinin mezolit mədəniyyəti. Qobustan” mövzusunda məruzəsində Məlahət Fərəcova arxeoloji tədqiqatlar nəticəsində ərazidəki Mezolit dövrü abidələri, yeni petroqliflər (qayaüstü rəsmlər) barədə tədbir iştirakçılarına məlumat verib.
Həmçinin beynəlxalq elmi seminarda “Cənubi Qafqazda maldarlığın başlanğıcı: Qərbi Azərbaycandan yeni məlumatlar” mövzusunda məruzə dinlənilib. Məruzədə pandemiyaya qədər Azərbaycan Respublikasının Qazax, Ağstafa və Tovuz rayonlarında azərbaycanlı alimlərlə birgə aparılmış arxeoloji və paleozooloji tədqiqatlar, həmçinin Aveydağ Dövlət Tarix Mədəniyyət Qoruğuna daxil olan Damcılı mağarasındakı arxeoloji qazıntıların nəticələri barədə geniş məlumat verilib.
Mövzular üzrə aparılmış diskussiyalarda iştirak edən əcnəbi alimlər Azərbaycan arxeologiyasına böyük maraqları olduğunu və gələcəkdə birgə tədqiqatlarda iştirak etmək istəklərini bildiriblər.