Azərbaycanlı deputatdan Avropa Şurasının baş katibinə sərt sual
Strasburq, 27 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş katib Torbörn Yaqlandın hesabat məruzəsi dinlənilib və o, ayrı-ayrı deputatların suallarına cavab verib.
Son dövrlərdə Avropa Şurası baş katibinin Azərbaycanla əlaqədar atdığı bir sıra addımlarda başqa üzv ölkələrlə müqayisədə müəyyən dərəcədə qeyri-obyektiv yanaşmalar hiss edilməkdədir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bunu nəzərə alaraq T.Yaqlanda belə bir sərt sualla müraciət edib: “Biz Assambleyada hər hansı problem üzrə məruzəçi təyin olunanda elan edirik ki, bu məsələdə maraqlarımızın toqquşması yoxdur. Bu, müəyyən mənada bir deputat andı kimidir. Baş katib olduğunuzdan belə bir andiçmə sizin fəaliyyətinizə daha çox uyğundur. Lakin müşahidələr göstərir ki, siz heç də bütün üzv ölkələrə eyni meyarlarla yanaşmırsınız. Hətta belə təsəvvür yaranır ki, hansısa ölkəyə qarşı daha sərt, hansısa ölkəyə qarşı daha mülayim münasibət bəsləyirsiniz. Məsələn, Avropa Şurasının nizamnamə tələblərini ardıcıl olaraq pozan, terrorizmi dövlət siyasətinə çevirən, hər an hüquqları tapdalanan vətəndaşlarının etirazları səngimək bilməyən Ermənistanı nə şəkildəsə cilovlamaq, düzgün yola gətirmək üçün indiyədək bir dəfə də səsinizi çıxarmamısınız. Azərbaycana qarşı isə kifayət qədər fəalsınız. Azərbaycana münasibətdə də qayğıkeşliyiniz təəssüf ki, bütün ölkə vətəndaşlarına deyil, sizə lazım olan bir və bir neçə nəfərə yönəlib. Konkret bir şəxsi xüsusi canfəşanlıqla və ardıcıllıqla müdafiə edərək təxminən eyni vəziyyətdə olan başqaları haqda susmanız burada sizin hansısa şəxsi maraqlarınız olmasından xəbər verir. Sualım budur: sizin səmimiyyətinizə necə inanaq?”
Sualı cavablandıran baş katib Ermənistanı da diqqətdə saxlaması ilə bağlı ümumi sözlər söylədikdən sonra bildirdi ki, həmin ölkədə olan qüsurların, insan haqları ilə bağlı pozuntuların aradan qaldırılması, ölkədə demokratiya istiqamətində islahatların aparılması üçün gələcəkdə daha artıq səylər göstərməyə çalışacaq.
T.Yaqland R.Hüseynovun kəskin sualının qarşısında müəyyən qədər özünəbəraət kimi səslənən belə bir fikir də işlətdi ki, üzv ölkələrin Avropa Şurasına nə vaxt qəbul edilməsindən asılı olmayaraq, məqsədi onların hər birinə eyni cür münasibət bəsləməkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq