Azərbaycanlı gənc xalça dizayneri beynəlxalq əməkdaşlıq çərçivəsində Peruda ilk satış şöbəsini açır
Bakı, 15 noyabar, AZƏRTAC
Azərbaycanlı gənc xalça dizayneri Vüsal Muradlı beynəlxalq fəaliyyətini genişləndirərək Türkiyənin tanınmış xalça istehsalçılarından biri olan Mutaş Xalı Fabrikası ilə əməkdaşlığa başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, şirkətin Cənubi Amerika bazarına çıxışı çərçivəsində Perunun paytaxtı Lima şəhərində ilk satış və nümayiş şöbəsi fəaliyyətə başlayacaq.
Layihənin rəsmi təqdimat mərasimi Lima şəhərində yerləşən Sheraton otelində baş tutub. Mərasimdə iş dünyasının nümayəndələri, interyer dizaynerləri və yerli sahibkarlar iştirak ediblər. Tədbirdə yeni şirkətin fəaliyyəti, gələcək planları və Cənubi Amerika bazarında həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Xalça dizaynı sahəsində gənc yaşlarından fəaliyyət göstərən Vüsal Muradlı daha əvvəl müxtəlif xalça dizaynı müsabiqələrində iştirak edərək bir neçə dəfə qalib olub. Onun hazırladığı müasir və ənənəvi motivləri birləşdirən xalça dizaynları həm Türkiyədə, həm də digər ölkələrdə mütəxəssislərin diqqətini cəlb edib.
Mutaş Xalı Fabrikası ilə əldə olunan əməkdaşlıq çərçivəsində V.Muradlının hazırladığı xüsusi dizayn kolleksiyalarının da Cənubi Amerika bazarında təqdim olunması planlaşdırılır. Layihənin əsas məqsədi Türkiyədə istehsal olunan yüksək keyfiyyətli xalçaları yeni bazarlara çıxarmaq və regionda premium seqmentə yönəlmiş satış şəbəkəsi formalaşdırmaqdır.
Qeyd edək ki, Peru son illərdə interyer və dekorasiya bazarında sürətlə inkişaf edən ölkələrdən biri hesab olunur. Lima şəhərində açılacaq yeni şöbənin regionda xalça və ev dekorasiyası sahəsində yeni əməkdaşlıqlara və layihələrə imkan yaradacağı gözlənilir.
Vüsal Muradlının sözlərinə görə, layihə gələcəkdə digər Cənubi Amerika ölkələrinə də genişlənə bilər. Məqsəd Azərbaycan və Türkiyə xalça mədəniyyətini beynəlxalq bazarlarda daha geniş tanıtmaqdır.