Azərbaycanlı xanımlar Brüsseldə bir araya gələrək xatirə tablosu yaratdılar
Brüssel, 9 mart, AZƏRTAC
Brüsseldə fəaliyyət göstərən Azərbaycan Evində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyası və Brüssel Azərbaycan Evinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Belçikanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı qadınlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Yasəmən Abbasi çıxış edərək təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıya qoyulan məqsədlər barədə danışıb. O, həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb, belə görüşlərin xaricdə yaşayan azərbaycanlı qadınların bir araya gəlməsi, qarşılıqlı ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsi baxımından vacibliyini vurğulayıb.
Görüşün əsas məqsədi Belçikada yaşayan azərbaycanlı qadınları bir araya toplamaq, onların arasında ünsiyyəti və həmrəyliyi gücləndirmək, eyni zamanda, Azərbaycan qadınının cəmiyyətimizdəki rolunu bir daha vurğulamaq olub. Proqram çərçivəsində Azərbaycan tarixində və mədəniyyətində iz qoymuş görkəmli qadınların fəaliyyəti xatırlanıb və onların cəmiyyətimiz üçün rolundan bəhs olunub, bununla bağlı videoçarx təqdim edilib.
Tədbir çərçivəsində xanımlar üçün yaradıcı fəaliyyət təşkil olunub. İştirakçı xanımlar birlikdə rəsm çəkərək xüsusi bir tablo hazırlayıblar. Hər bir qadın bu tablodakı əsərə öz incə toxunuşunu əlavə edərək, həmin günün xatirəsinə simvolik bir iz qoyub.