CƏMİYYƏT
AZƏRBAYCANLI YENİYETMƏLƏR ERMƏNİSTANLI YAŞIDLARINA QALİB GƏLMİŞLƏR
“Cənubi Qafqazda sülhün bərpası” layihəsini həyata keçirən “Kanadian fid çildren” təşkilatı avqustun ikinci yarısında bir qrup azərbaycanlı yeniyetmənin Krıma - Baxçasaray şəhərindəki “Sülh düşərgəsi”nə səfərini təşkil etmişdir. “Sülh düşərgəsi”nə digər MDB ölkələrindən habelə bəzi Şərqi Avropa ölkələrindən də uşaqlar istirahətə gəlmişdilər.
Düşərgədə həmyerlilərimizlə onların erməni yaşıdları arasında “Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları” mövzusunda dialoq olmuşdur. Layihənin Azərbaycan üzrə əlaqələndiricisi Dilşad Ağalarova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeniyetmə soydaşlarımız Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsi, ölkəmizin ərazisinin 20 faizinin işğal olunması, Ermənistandakı doğma ocaqlarından vəhşicəsinə didərgin salınmış qaçqınlar, nəhayət, öz vətənində məcburi köçkünlərə çevrilənlər barədə qızğınlıqla və hiddətlə danışmışlar. Azərbaycanlı uşaqlar inandırıcı və ardıcıl şəkildə çıxış edərək sübuta yetirmişlər ki, məhz Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan Respublikasına təcavüz etmişdir, BMT-nin və digər mötəbər beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmir. Həmyerlilərimizin çıxışları müqabilində rəqiblərinin dəlilləri inandırıcı görünmürdü.
Başqa xalqların nümayəndələrindən ibarət hakimlər heyəti diskussiyaya yekun vuraraq elan etmişdir ki, azərbaycanlı uşaqlar erməni yaşıdlarını böyük üstünlüklə məğlubiyyətə uğradaraq, qalib gəlmişlər.
Bundan əlavə, məktəblilərimiz 35 uşaq istirahət düşərgəsinə gedərək, yaşıdları ilə görüşmüş, ölkəmiz, onun tarixi və indisi barədə onlara ətraflı məlumat vermiş, Azərbaycan mədəniyyəti günləri və gecələri təşkil etmişlər.