Azərbaycanlılar faşizm üzərində Qələbədə böyük pay sahibi olublar
Salyan, 9 may, AZƏRTAC
Salyanda faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən rayonun rəhbər işçiləri, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksləri önünə gül dəstələri qoyublar.
Sonra Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun abidəsi ziyarət olunub.
Veteranlarla görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, 1941-1945-ci illər savaşında tarixi Qələbənin qazanılmasında şücaət göstərən 600 mindən çox həmyerlimizin arasında 5726 nəfər salyanlı da olub. Onlardan 1516 nəfəri döyüşlərdə həlak olub və ya itkin düşüb, 3700 nəfər isə yaralanıb. Bu gün onların hər birinin xatirəsinin hamı üçün əziz olduğunu vurğulayan icra başçısı Qələbənin əldə edilməsində Azərbaycanın tarixi rolundan ətraflı söhbət açıb.
Mərasimdə çıxış edən müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
x x x
Faşizm üzərindəki tarixi qələbənin qazanılmasında biləsuvarlıların da payı olub. O qanlı-qadalı illərdə cəbhəyə yollanan 4387 biləsuvarlıdan 700 nəfəri cəbhədə həlak olub, 400-ü əlil kimi qayıdıb, 788 nəfər isə göstərdiyi şücaətə görə orden və medallarla təltif edilib.
9 May - Qələbə Günündə rayon icra hakimiyyətinin rəhbərliyi veteranların evlərində olub, onlara baş çəkib, problem və qayğıları ilə maraqlanıblar. Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova bayram münasibətilə təbriklərini çatdırıb və bildirib ki, rayonda yaşayan Böyük Vətən müharibəsi iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunublar. Müharibə iştirakçılarının şərəfli döyüş yolundan danışan natiq ulu öndər Heydər Əliyevin veteranlara diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Cəbhə xatirələrini dilə gətirən veteranlar Azərbaycanda ordu quruculuğundan və ölkəmizin artan iqtisadi qüdrətindən danışıb, dövlətin onlara qayğısından razılıqlarını ifadə ediblər.
x x x
Tarixi qələbənin 73-cü ildönümü İmişli rayonunda da qeyd olunub.
Ümumrayon tədbirinin iştirakçıları 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.
Mərasimdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, Böyük Vətən müharibəsi illərində İmişli rayonundan 23-ü könüllü qadın olmaqla 4546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri sağ qalıb və müxtəlif əlillik dərəcəsi alaraq geri dönüb. Hazırda rayonda 5 veteran yaşayır ki, onlar da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd olunub ki, o ağır illərdə azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib, düşmənə layiqli cavab veriblər. Həmçinin bildirilib ki, hər bir müharibə veteranının döyüş təcrübəsi, onların kəşməkəşli həyat yolu gənclərimizə örnək olmalıdır.
Dövlət başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə qarşılayan veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezidentimizə təşəkkür ediblər.