“Azercell” növbəti beynəlxalq sertifikata sahib olub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” daha bir uğura imza atıb. Şirkət bu dəfə sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin təsis etdiyi “SocialBakers Engage Award” mükafatına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mükafat Praqada keçirilən “Engage Prague 2015” konfransında “Azercell”-ə təqdim olunub. Konfransda 2014-cü ildə dünyada sosial media sahəsində lider olan şirkətlər mükafatlandırılıb. “Azercell” bu mükafatı əldə edən ilk mobil operator olub. Ötən ilin ikinci rübündə şirkət Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdə 100 faiz cavablama nəticəsini əldə edərək rekord göstəriciyə nail olub.
“Azercell” həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə “Azercell”in abunəçiləri yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: “Facebook”, “Twitter”, “Disput.Az”, “Google+”, “YouTube” və “Instagram”. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyədə cavablandırılır.