“AzərEnerji”də qanvermə aksiyası keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Bu gün talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında səhmdar cəmiyyətin 130 nəfərdən artıq əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoşməramlı və xeyirxah missiyada könüllü iştirak ediblər.
Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə həyata keçirilib.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva insanların həyatlarını xilasetmə yönündə nəcib təşəbbüslə “Talassemiyasız həyat naminə” proqram layihəsinin başlanmasını elan edib və həmin gündən “Azərenerji” də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.