“AzərEnerji”də Zəfər Günü tədbirləri və qanvermə aksiyası keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Zəfər Günü ilə bağlı “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər keçirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonlarla yanaşı Bakıda da tədbirlər baş tutub. Səhmdar Cəmiyyətin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində keçirilən tədbirdə “AzərEnerji”nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzi tərəfindən hazırlanan “Zəfərin enerjisi” adlı film nümayiş olunub.
“AzərEnerji”nin rəhbəri Baba Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın yumruq kimi birləşib 30 illik qəzəb hissini Qələbə sevincinə çevirməsinin ikinci ili tamam olması münasibətilə energetikləri təbrik edib. Bildirib ki, bu iki ildə Zəfər sevincini xalqımız Qarabağ və Şərqi Zəngəzurun quruculuq və dirçəliş sevinci ilə paralel yaşayır: “Təbii ki, bu inkişaf və quruculuq işlərində energetiklərin də üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də, Prezident İlham Əliyevin tapşırığı ilə bu günə kimi “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə 22 enerji obyektinin - 9 su elektrik stansiyası, 12 yarımstansiya və bir Regional Rəqəmsal İdarəetmə mərkəzində tikinti işlərinə başlanılıb. Bu günə qədər 14 enerji obyekti Azərbaycan Prezidentinin iştirakı ilə istismara verilib. Digər 9 enerji obyektinin təməlqoyma və tikinti ilə tanışlıq tədbirlərində Prezident İlham Əliyev iştirak edib”.
Tikilən 9 enerji obyektinin yaxın vaxtlarda istismara veriləcəyini deyən Baba Rzayev müharibə zamanı Müzəffər Ali Baş Komandanın hərb və diplomatiya meydanında uğurlarından, Mingəçevirdəki Elektrik stansiyalarının hədəfə alınmasından, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıb.
Tədbirdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsində “AzərEnerji” ASC-nin 130 əməkdaşı iştirak edib. Onlardan ikisi şəhidlik zirvəsinə ucalıb. 12 əməkdaşın övladı şəhid olub. 2020-ci ildən sonra əlavə olaraq 45 nəfər müharibə iştirakçısı işlə təmin edilib. Hazırda “AzərEnerji”də 44 günlük Vətən müharibəsində iştirak edən 175 müharibə iştirakçısı var.
Daha sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında səhmdar cəmiyyətin 100-dən artıq əməkdaşı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə iştirak ediblər.
Qeyd edək ki, Zəfər Günü ilə bağlı “AzərEnerji” tərəfindən keçirilən tədbirlər davam edir və bölgələrdəki elektrik stansiyaları, yarımstansiyalar və regional elektrik şəbəkələrinin əməkdaşları da aksiyalara qatılıblar.