“AzerGold” QSC Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı genişləndirir
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunan seminarda bu elmi müəssisə ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum və müqavilə geniş müzakirə edilib.
“AzerGold” QSC-dən AZƏRTAC-a bildiriblər ki, şirkətin geoloji-kəşfiyyat şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev nəcib və əlvan filiz yataqlarının istismara cəlb olunmasının perspektivləri, həmçinin əməkdaşlıq haqqında fikirlərini bölüşüb.
Elmi seminarda aparılan müzakirələrin və fikir mübadiləsinin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
2016-cı ilin noyabrında “AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.
Memorandumda əvvəlcədən müəyyənləşdirilmiş fəaliyyət planına uyğun olaraq cari ilin yanvarında imzalanan müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri konsultant-ekspert statusunda işə cəlb olunublar. Onlar Daşkəsən rayonu ərazisindəki Çovdar filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay kolçedan polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisindəki Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə kömək göstərəcəklər.
Azərbaycanda dağ-mədən sektorunun kompleks inkişafını hədəfləyən “AzerGold” QSC kadr potensialının formalaşdırılması məqsədilə yerli təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə yanaşı, Azərbaycan Texniki Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq qurulub.