“Azərikimya” İstehsalat Birliyində yeni standartlar toplusu təqdim edilmişdir
Sumqayıt, 30 oktyabr (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) risqlərin idarə olunması şöbəsinin mütəxəssisləri tərəfindən “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” standartlar toplusunun təqdimatı keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimində standartlar toplusunun əhəmiyyətindən danışılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiyaya qarşı mübarizə siyasəti, korrupsiyaya və şəffaflığa təsir göstərən müxtəlif amillər üzrə bir sıra daxili standartları Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı çərçivəsində ARDNŞ prezidentinin 2012-ci ilin 10 avqust tarixli əmri ilə təsdiq edilmiş və cari ilin 1 yanvar tarixindən bu standartların tətbiqi təmin edilmişdir.
Təqdimatda beynəlxalq qanunvericiliyin tələblərinə uyğun yeni standartların - korrupsiya ilə mübarizə siyasətinin, biznes etikasının, pozuntular, etik normalar və korrupsiyaya qarşı tələblərin pozulması halları haqqında məlumatlandırma sisteminin, korrupsiya fəaliyyətinə müqavimət sisteminin təşkilati-hüquqi strukturunun, rəhbər vəzifələrə namizədlərin yoxlanılmasının, işgüzar hədiyyələrin, xeyriyyə, sosial və sponsor yardımı və digər məsələlərin ARDNŞ-də tətbiqi qaydaları slaydlar vasitəsilə iştirakçılara izah olunmuşdur.
Tədbirdə iştirakçıları maraqlandıran bir sıra suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.