“Azərikimya” İstehsalat Birliyinin istehsalat sahələrində ekoloji monitorinqlər davam etdirilir
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin mütəxəssisləri tərəfindən “Azərikimya” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində ekoloji monitorinq davam etdirilir.
AZƏRTAC xəbər verir ki, monitorinqlər zamanı tullantıların zərərsizləşdirilməsi və təkrar istifadə olunması məsələlərinə xüsusi diqqət verilir.
Monitorinqdə müəyyən olunmuşdur ki, etilen-polietilen zavodunda kompressor, transformator və digər avadanlıqlarda istifadə olunan yağlar işləndikdən sonra təkrar emal olunması məqsədi ilə toplanılmış və aidiyyəti üzrə ixtisaslaşmış qurumlara təhvil verilmişdir. Piroliz sobalarında yanmış koks, işlənmiş və öz aktivliyini itirmiş kömürlər, seolitlər, farfor kürəciklər və ion dəyişdiricilər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli tullantılar poliqonunda zərərsizləşdirilmişdir. Demontaj prosesində əmələ gələn metal tullantıları isə təkrar emal məqsədi ilə “Baku Steel Company”ə təhvil verilmişdir.
Etilen-polietilen zavodunun polietilen istehsalında əmələ gələn polimer tozunun təmizləməsi üçün istifadə olunan və səmərəliliyi 98-99 faiz olan siklonlar quraşdırılmışdır. Texnoloji proses zamanı formalaşan polimer tozu və hava-qaz qarışığı siklonlardan keçir və 98 faiz təmizlənərək atmosferə atılır. Bu göstərici zavod üçün işlənmiş atıla bilən tullantı həddi normalarına uyğundur.