“Azəriqaz” bayram günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək
Bakı, 17 iyul, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Birlikdən AZƏRTAC-a bildirilib ki, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və sair) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.
Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da iyul ayının 18-21-də xidmətlərini icra edəcəklər. Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart-kartların bərpası kimi xidmətlər göstəriləcək. Bundan başqa, əvvəlcədən ödənişli sayğacların kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi, əvvəlcədən ödəniş olunan sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart-kartına və abonent koduna köçürülməsi ilə bağlı müraciətlər təmin ediləcək. 20 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftəiçi saat 10:00-dan 14:00-dək iş başında olacaqlar. Müştəri xidmətləri yalnız iyulun 18-də departamentin inzibati binasında göstərilməyəcək.
Abonentlərdən xahiş olunur ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı Çağrı mərkəzinə, 077 3 104 104 saylı votsap nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən yazmaqla məlumat versinlər.