İQTİSADİYYAT
“Azəriqaz”da işə qəbul müsahibəsi keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
“Azəriqaz” İB-də işə qəbul müsahibəsi keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”da mövcud vakansiyalar üzrə elan edilmiş müsabiqələrdə iştirak etmək üçün müraciət edən, ilkin seçim və test mərhələsini uğurla keçən namizədlərin müsahibələri baş tutub. Müsahibələrdə müvafiq vakansiyalar üzrə mübarizə aparan namizədlərin həm texniki (ixtisas), həm də davranış səriştəlikləri yoxlanılıb.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində keçirilən müsahibələrə 615 namizəd dəvət olunub ki, onların yalnız 171 nəfəri mərhələni uğurla başa vurub, 107 nəfəri isə Kadr Ehtiyatı Bazasına daxil ola bilib. Eyni zamanda, 234 namizəd kifayət qədər uğur göstərə bilməyib və müsahibədən keçməyib. Ümumilikdə, 6 namizəd müsahibədə iştirak etməkdən imtina edib, 70 nəfər müsahibəyə qatılmayıb, 27 nəfərin isə sənədləri qaydasında olmadığından müsahibəyə buraxılmayıb.
Məlumat üçün bildirək ki, müsahibəni müvəffəqiyyətlə keçən namizədlər dərhal vakant yerlər üzrə yerləşdiriliblər.