“Azəriqaz”ın Çağrı mərkəzinə müraciətlərin sayı azalıb
Bakı, 14 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin Çağrı mərkəzinə cari ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 min 562 az müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu haqda “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı “104” Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək danışıb.
Şöbə rəisi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il qaz təzyiqi ilə bağlı 54 min 979, qazın olmaması ilə bağlı 16 min 65, qaz sızmaları ilə bağlı isə 4619 az müraciət daxil olub. Ümumilikdə 2021-ci ildə 795 min 273 müraciət idisə, cari il azalaraq 727 min 711 müraciət olub.
O vurğulayıb ki, Çağrı mərkəzinin məqsədi yaradılandan abonentlərə yüksək keyfiyyətli xidmətin göstərilməsi və onların gözləntilərini təmin etməkdən ibarətdir: “Çağrı mərkəzinə daxil olan müraciətlərin əsasında burada yenidənqurma işləri və plan tərtib olunur. Təzyiqlə bağlı müraciətlərin azalmasının səbəbi də bundan ibarətdir. Təzyiqin aşağı olması kimi gələn müraciətlərdən sonra yenidənqurma işləri görülüb. Xətlər, şkaflar yenilənib. Həmçinin Sabunçu rayonundan da ötən il 19 min 851 müraciət daxil olub. Yenidənqurma işləri sayəsində qeyd olunan ərazidən bu il cəmi 8023 müraciət edilib. Daxil olan müraciətlər əsasında onların həm operativ qəbulu və yönləndirilməsi, həm də Çağrı xidməti tərəfindən icraata nəzarəti həyata keçirilir”.
Xalidə Şimşək havaların soyumasından sonra dəm qazından zəhərlənmə ilə bağlı abonentlərə müraciət edib: “Ötən il bu səbəbdən 1275 müraciət daxil olmuşdu. Vətəndaşlardan xahiş edirik ki, standartlara uyğun qaz sobalarından istifadə edilsin, bacaların təmizlənməsi təmin olunsun, hamam otaqlarının havalandırmasına diqqət yetirsinlər. Bu insan həyatı olaraq əsas mövzulardan biridir”.